Yer kürəsi dağılacaq?
Müqəddəs Kitabın cavabı
Yer kürəsi nə dağılacaq, nə yanıb külə dönəcək, nə də başqa yerlə əvəz olunacaq. Müqəddəs Kitabda deyilir ki, Allah Yer kürəsini əbədi yaşayış üçün yaradıb.
«Salehlər yerə sahib olacaq, orada əbədi yaşayacaqlar» (Zəbur 37:29).
«[Allah] Yeri möhkəm təməllər üzərində [qurub], heç vaxt yerindən tərpənməz» (Zəbur 104:5).
«Yer əbədi durur» (Vaiz 1:4).
«Yerə quruluş verən, onu möhkəm təməl üstdə quran Xaliq, onu boş yerə deyil, yaşayış üçün [yaradıb]» (Əşiya 45:18).
Yeri insanlar tələf edəcək?
Allah izin verməyəcək ki, insanlar Yeri tullantılarla, müharibələrlə və bu kimi başqa şeylərlə məhv etsin. Əksinə, O, «yeri tələf edənləri tələf» edəcək (Vəhy 11:18). Bəs Allah bunu necə edəcək?
Allah Yeri qorumaq iqtidarında olmayan insan hökumətlərini səmavi Padşahlıqla əvəz edəcək (Dənyal 2:44; Mətta 6:9, 10). Bu Padşahlığı Allahın Oğlu İsa Məsih idarə edəcək (Əşiya 9:6, 7). İsa yer üzündə olanda təbii qüvvələr üzərində möcüzəvi gücünü göstərmişdi (Mark 4:35—41). Allahın Padşahlığının Padşahı kimi İsa Məsih bütün yer üzünü və təbiət qüvvələrini idarə edəcək. O, yer üzündəki şəraiti yenidən quracaq və yeniləşdirəcək. Hər şey Ədən bağındakı kimi gözəl olacaq (Mətta 19:28; Luka 23:43).
Müqəddəs Kitabda Yer kürəsinin yanıb kül olacağı deyilir?
Xeyr. Bu fikir 2 Butrus 3:7 ayəsinin yanlış başa düşülməsindən qaynaqlanır. Orada deyilir: «İndiki göylər və yer... hökm gününün alovu üçün saxlanılır». Gəlin bu sözlərin mənasını başa düşməyə kömək edəcək iki vacib məqama toxunaq.
Müqəddəs Kitabda istifadə olunan «göylər», «yer» və «alov» sözləri birdən daha çox şeyə aid edilir. Məsələn, Yaradılış 11:1 ayəsində deyilir: «Bütün yer üzündə bir dildə [danışırdılar]». Burada «yer» sözü insan cəmiyyətinə aid edilir.
2 Butrus 3:7 ayəsinin kontekstindən «göylər», «yer» və «alov» sözlərinin hansı mənada işləndiyi aydın görünür. 5 və 6-cı ayələrdə dünyanın sonu Nuhun dövründə baş verən Daşqınla müqayisə edilir. Bu Daşqın nəticəsində, qədim dünya məhv edildi, amma planetimiz yox olmadı. Daşqın zorakılıqla dolu olan insan cəmiyyətini, yəni «yeri» yuyub apardı (Yaradılış 6:11). Həmçinin bu Daşqın «göy»ü, yəni həmin cəmiyyətə ağalıq edən adamları məhv etdi. Deməli, planetimiz yox, pis insanlar məhv oldu. Nuh və onun ailəsi bu məhvdən xilas oldu və Daşqından sonra yer üzündə məskunlaşdı (Yaradılış 8:15—18).
Eynilə, 2 Butrus 3:7 ayəsində yazılan «alov», yəni məhv planetimizin yox, pis insan cəmiyyətinin sonudur. Müqəddəs Kitabda deyilir ki, Allah «yeni bir göy və yeni yer» vəd edir, «orada salehlik məskunlaşacaq» (2 Butrus 3:13). «Yeni göy», yəni Allahın Padşahlığı «yeni yeri», yəni insan cəmiyyətini idarə edəcək. Padşahlığın idarəsi altında yer üzü sülhün hökm sürdüyü cənnətə çevriləcək (Vəhy 21:1—4).