Yenilənmiş izahatların məcmusu
İllər ərzində «Gözətçi qülləsi»ndə Hizqiyalın peyğəmbərliyinin müəyyən məqamlarına yeni izahat verilib. Bu kitabda da bir sıra yeniliklər əksini tapıb. Biliyinizi yoxlayın, görün yeni izahatlarla bağlı növbəti suallara cavab verə bilirsiniz.
Məxluqların dörd üzü nəyi təmsil edir?
Əvvəlki izahat: Məxluqların, yəni kərrubların dörd üzünün hər biri Yehovanın dörd əsas keyfiyyətindən birini təmsil edir.
Yeni izahat: Kərrubların dörd üzünün hər biri Yehovanın dörd əsas keyfiyyətindən birini bildirsə də, bir yerdə götürdükdə dörd üz Yehovanın sahib olduğu bütün keyfiyyətləri ehtiva edir. Həmçinin dörd üz bizə Yehovanın qüdrət və ehtişamının ənginliyinin intəhasız olduğunu aşılayır.
Səbəb: Allahın Kəlamında dörd rəqəmi çox vaxt tamlığı, bütövlüyü bildirir. Beləliklə, dörd üzü birlikdə götürəndə onlar dörd ayrı xüsusiyyəti təmsil etmir, Yehovanın heyrətamiz xislətinin təməlini təşkil edir. Həmçinin, üzlərin hər biri əzəmət, güc, qüdrət rəmzi olan varlıqların üzü idi. Buna baxmayaraq, xilqətin bu dörd qüdrətli təmsilçisi, yəni hər kərrubun dörd siması ilə təsvir olunan dörd varlıq Yehovanın taxtından aşağıda dururdu. Bu vurğulayır ki, Yehova bütün xilqətin Ali Hökmdarıdır.
Belində qələm-davat olan adam kimi təmsil edir?
Əvvəlki izahat: Belində qələm-davat olan adam yer üzündə yaşayan məsh olunmuş məsihiləri təmsil edir. Onlar təbliğ edərək və şagird hazırlayaraq böyük izdihama daxil olan adamların alnına məcazi mənada işarə qoyurlar (Vəhy 7:9).
Yeni izahat: Belində qələm-davat olan adam İsa Məsihi təmsil edir. O, «böyük müsibət» vaxtı böyük izdihama qoyun hökmü çıxaranda onların alnına işarə qoyacaq (Mət. 24:21).
Səbəb: Yehova mühakimə etmək səlahiyyətini Oğluna həvalə edib (Yəh. 5:22, 23). Mətta 25:31—33 ayələrinə əsasən, kimin «qoyun», kimin «keçi» olduğuna dair son hökmü İsa Məsih çıxaracaq.
Fahişə bacılar Öhla və Öhlüba katolik və protestant dinlərinə parçalanmış Xristian dünyasının timsalıdır?
Əvvəlki izahat: Böyük bacı Öhla (İsrailin paytaxtı Səməriyyə) katolik dinini təmsil edir. Kiçik bacı Öhlüba (Yəhudanın paytaxtı Yerusəlim) protestant dininin timsalıdır.
Yeni izahat: Bu fahişə bacılar Xristian dünyasına aid heç bir dini təmsil etmir. Bu obrazlar əsasında məlum olur ki, bir vaxtlar Yehovaya sadiq olan insanlar sonradan Ona xəyanət edəndə Yehova hansı hissləri keçirir. Bütün yalan dinlər Yehovada bu cür hissləri doğurur.
Səbəb: Öhla və Öhlübanın Xristian dünyasının timsalı olduğuna Müqəddəs Kitab heç bir əsas vermir. İsrail və Yəhuda bir zamanlar məcazi mənada Yehovanın vəfalı arvadı idi. Xristian dünyasının isə heç vaxt Yehova ilə belə münasibəti olmayıb. Bundan başqa «Hizqiyal» kitabının 16 və 23-cü fəsillərində Allahın xəyanətkar xalqının fahişəyə bənzədilməsində bərpa və dirçəlişlə bağlı ümid də verilir. Böyük Babilin bir hissəsi olan Xristian dünyasının isə belə bir ümidi yoxdur.
Xəyanətkar Yerusəlim Xristian dünyasının timsalıdır?
Əvvəlki izahat: Xəyanətkar Yerusəlim Xristian dünyasının timsalıdır. Odur ki, Yerusəlimin məhvi Xristian dünyasının məhvini təmsil edir.
Yeni izahat: Xəyanətkar Yerusəlimdəki vəziyyət, o cümlədən bütpərəstlik və pozğunluq Xristian dünyasında baş verənləri xatırlatsa da, biz artıq Yerusəlimin Xristian dünyasının timsalı olduğunu düşünmürük.
Səbəb: Müqəddəs Kitab Yerusəlimə Xristian dünyasının timsalı kimi baxmağa heç bir əsas vermir. Qədim Yerusəlimdən fərqli olaraq, Xristian dünyası heç vaxt Allaha pak şəkildə ibadət etməyib. Yerusəlim bir müddət Yehova tərəfindən əfv olunmuşdu, amma Xristian dünyası heç vaxt əfv olunmayacaq.
Quru sümüklərlə bağlı görüntü necə yerinə yetdi?
Əvvəlki izahat: Təqiblərlə üzləşən məsh olunmuş məsihilər 1918-ci ildə ölümə bənzər hal yaşadı, onların fəaliyyətinə, demək olar ki, son qoyuldu. Bununla da onlar Böyük Babilin əsarətinə düşdülər. Qısa sürən bu əsarət 1919-cu ildə başa çatdı. Həmin il Yehova onları Padşahlığın təbliğçiləri kimi dirçəltdi.
Yeni izahat: Ölümə bənzər ruhani əsarət çox uzun sürüb və 1918-ci ildən xeyli əvvəl başlayıb. Bu əsarət eramızın II əsrində başlayıb 1919-cu ildə bitib. Bu dövr İsanın «buğda və alaq otu» məsəlində buğdanın böyüdüyü dövrlə üst-üstə düşür.
Səbəb: Qədim İsrailin əsarəti çox uzun sürmüşdü. E. ə. 740-cı ildə başlayıb e. ə. 537-ci ildə bitmişdi. Hizqiyalın peyğəmbərliyində sümüklər qupquru idi. Bu onların uzun illərin ölüsü olduğunu göstərirdi. Üstəlik, görüntüdə sümüklər yavaş-yavaş canlanır, bu isə zaman tələb edən prosesdir.
İki çubuğun birləşməsi hansı mənanı daşıyır?
Əvvəlki izahat: Birinci Dünya müharibəsi zamanı qısa müddət davam edən parçalanma dövründən sonra 1919-cu ildə sadiq məsh olunmuşlar aralarındakı birliyi bərpa etdilər.
Yeni izahat: Peyğəmbərlikdə vurğulanır ki, Yehova xidmətçilərini birləşdirəcək. 1919-cu ildən sonra məsh olunmuşlara yer üzündə yaşamağa ümid edən insanlar da qoşulmağa başladı. Hər iki qrup Yehovaya birlikdə bir xalq kimi ibadət edir.
Səbəb: Peyğəmbərlikdə bir çubuğun əvvəlcə iki yerə bölünüb sonradan birləşərək bir çubuq olduğu təsvir olunmur. Beləliklə, peyğəmbərlikdə bir qrupun əvvəlcə bölünəcəyi, sonra birləşəcəyi yox, əksinə, iki ayrı qrup insanın birləşəcəyi təsvir olunur.
«Məcuc ölkəsindən olan Yəcuc» kimdir?
Əvvəlki izahat: «Məcuc ölkəsindən olan Yəcuc» göydən qovulandan sonra Şeytana verilən addır.
Yeni izahat: «Məcuc ölkəsindən olan Yəcuc» Allaha pak şəkildə ibadət edən insanlara böyük müsibət vaxtı hücum edəcək xalqlar birliyini təmsil edir.
Səbəb: Yəcuc haqqında yazılanlar, yəni onun yırtıcı quşlara yem ediləcəyi və yerdə ona dəfn yerinin veriləcəyi göstərir ki, Yəcuc ruhani varlıq deyil. Üstəlik, «Dənyal» və «Vəhy» kitablarında da xalqların Allahın xalqına hücum edəcəyindən danışılır. Yəcucun hücumu bu hücumlara bənzəyir (Dən. 11:40, 44, 45; Vəhy 17:14; 19:19).
Hizqiyal həvari Bulusun təsvir etdiyi ruhani məbədi görmüşdü?
Əvvəlki izahat: Hizqiyal görüntüdə həvari Bulusun təsvir etdiyi ruhani məbədi görmüşdü.
Yeni izahat: Hizqiyalın gördüyü məbəd b. e. 29-cu ilində meydana çıxan ruhani məbəd deyildi. Onun gördüyü görüntüdə sürgündən sonra pak ibadətin tamamilə Tövratda deyildiyi kimi icra olunduğu təsvir olunurdu. Bulusun təsvir etdiyi ruhani məbəddə diqqət İsanın b. e. 29-cu ilindən 33-cü ilinə qədər böyük Baş kahin qismində gördüyü işlərə cəmlənmişdi. Hizqiyalın məbədlə bağlı gördüyü görüntüdə baş kahindən söz açılmır. Burada diqqət 1919-cu ildə başlayan ruhani dirçəlişə cəmlənir. Buna görə də Hizqiyalın gördüyü məbədin hər xırda cəhətində və ölçülərində rəmzi məna axtarmırıq. Əksinə, bu görüntünün bizə Yehovanın pak ibadətlə bağlı qoyduğu qanunlar haqda nə demək istədiyi barədə düşünməliyik.
Səbəb: Hizqiyalın gördüyü məbəd mühüm sahələrdə ruhani məbəddən fərqlənir. Məsələn, Hizqiyalın gördüyü məbəddə çoxlu heyvan qurbanları gətirilməli idi. Ruhani məbəddə isə birdəfəlik bir qurban gətirilib (İbr. 9:11, 12). Məsih yer üzünə gəlməzdən əsrlər əvvəl Yehova ruhani məbədlə bağlı bu cür dərin həqiqətləri açmazdı, çünki hələ bunun vaxtı deyildi.