Kontentə keç

Mündəricatı göstər

Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin

Qoy Yehovanın öyüdləri qəlbinə sevinc gətirsin

«Əbədilik Sənin göstərişlərinə malikəm, çünki onlar qəlbimə sevinc verir» (MƏZ. 119:111).

1. a) İnsanlar öyüd-nəsihətə necə reaksiya verirlər və nə üçün? b) Təkəbbür insanın məsləhətə olan münasibətinə necə təsir edə bilər?

İNSANLAR verilən öyüdlərə müxtəlif cür yanaşırlar. Kimsə nüfuzlu bir şəxsin verdiyi öyüdü məmnuniyyətlə qəbul edildiyi halda, həmyaşıdının və ya aşağı təbəqəli hesab etdiyi kəsin məsləhətini dərhal rədd edə bilər. Töhmət və xəbərdarlıqlara da emosional reaksiya tamamilə fərqli olur. Kimlərsə buna görə kədərlənə, məyusluq hissinə qapıla bilər, başqaları isə özünə nəticə çıxarıb düzəlməyə təşviq oluna bilər. İnsanlar nə üçün belə fərqli reaksiya verirlər? Səbəblərdən biri təkəbbürdür. Həqiqətən də, lovğalıq ruhu insanın ağlını kor edərək məsləhəti rədd etməyə və vacib göstərişlərdən kənara çıxmağa sövq edə bilər (Sül. məs. 16:18).

2. Həqiqi məsihçilər nəyə görə Allahın Kəlamından aldıqları məsləhətləri qiymətləndirirlər?

2 Ancaq həqiqi məsihçilər faydalı məsləhətləri, xüsusilə də Allahın Kəlamına əsaslanan məsləhətləri qiymətləndirirlər. Yehovanın öyüdləri bizə dərin anlayış və bilik verir, habelə var-dövlət hərisliyi, cinsi əxlaqsızlıq, narkotik, eləcə də spirtli içkilərdən sui-istifadə kimi tələlərdən qaçmağa kömək edir (Sül. məs. 20:1; 2 Kor. 7:1; 1 Salon. 4:3—5; 1 Tim. 6:6—11). Üstəlik, Allahın öyüdlərinə tabe olduğumuz üçün biz çox şadıq (Yeşaya 65:14).

3. Məzmurçunun hansı əhval-ruhiyyəsini təzahür etdirmək yaxşı olardı?

3 Səmavi Atamızla dəyərli münasibətlərimizi qoruyub saxlamaq üçün biz bundan sonra da həyatımızda Yehovanın müdrik rəhbərliyini tətbiq etməliyik. Növbəti sözləri yazan məzmurçunun əhval-ruhiyyəsinə malik olmaq necə də yaxşı olardı: «Əbədilik Sənin göstərişlərinə malikəm, çünki onlar qəlbimə sevinc verir» (Məz. 119:111). Biz də, məzmurçu kimi, Yehovanın göstərişlərindən həzz alırıq, yoxsa hərdən onlara ağır yük kimi baxırıq? Hətta bəzən aldığımız məsləhətlər bizi qıcıqlandırsa da, məyus olmaq lazım deyil. Biz Allahın ali hikmətinə olan etibarımızı möhkəmləndirməliyik! Gəlin bunun üç üsulunu nəzərdən keçirək.

DUA ETMƏKLƏ ETİBARINI MÖHKƏMLƏNDİR

4. Davudun həyatında dəyişməz olaraq qalan nə idi?

4 Davud padşahın həm sevincli, həm kədərli anları olsa da, onun Yaradana olan etibarı sarsılmadı. O demişdi: «Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm, ey Allahım, yalnız Sənə güvənirəm!» (Məz. 25:1, 2). Davud nəyin sayəsində səmavi Atasına bu cür etibar edirdi?

5, 6. Allahın Kəlamı Davudun Yehova ilə münasibəti haqqında bizə nə deyir?

5 İnsanların əksəriyyəti yalnız dara düşəndə Allahı axtarırlar. Dost və ya qohumun yalnız pul lazım olanda, yaxud işi düşəndə səni axtarsa, özünü necə hiss edərsən? Ola bilsin, vaxt keçdikcə onun səni nə niyyətlə axtardığı sənə aydın olacaq. Lakin Davud belə adam deyildi. Həyatı boyunca — pis gündə də, yaxşı gündə də onun Allahla münasibətində məhəbbət və iman əks olunurdu (Məz. 40:8).

6 Davudun Yehovaya söylədiyi həmd və minnətdarlıq sözlərinə diqqət yetirək: «Ey Xudavəndimiz Rəbb, ismin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır!» (Məz. 8:1). Davudun sözlərindən onun səmavi Atası ilə münasibətinin nə dərəcədə sıx olduğunu hiss edirsənmi? Davudun Allahın əzəmətini və ehtişamını qiymətləndirməsi Onu «daim» ucaltmasından görünür (Məz. 35:28).

7. Allaha müntəzəm olaraq dua etməyin bizə hansı faydası var?

7 Davud kimi, biz də Yehovaya etibarımızı möhkəmləndirmək üçün Onunla müntəzəm olaraq ünsiyyət etməliyik. Müqəddəs Kitabda deyilir: «Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq» (Yaq. 4:8). Dua bizi Allaha yaxınlaşdırmaqla yanaşı, müqəddəs ruh almağın vacib üsuludur. (1 Yəhya 3:22 ayəsini oxu.)

8. Duada təkrarçılıqdan nə üçün qaçmalıyıq?

8 Hər dəfə duada eyni sözlərdən və ya ifadələrdən istifadə etməyə meyillisən? Elə isə dua etməzdən əvvəl nə deyəcəyin üzərində düşünməyə bir az vaxt ayır. Dostumuzla və ya qohumumuzla söhbət edərkən hər dəfə eyni sözləri təkrarlasaq, bu, onun xoşuna gələrmi? Ola bilsin, o, sənə qulaq asmaq istəməyəcək. Əlbəttə, Yehova heç vaxt Öz sadiq xidmətçisinin səmimi duasına bu cür münasibət göstərməz. Bununla belə, biz çalışmalıyıq ki, Onunla ünsiyyətimizdə şablon ifadələrdən qaçaq.

9, 10. a) Dualarımıza nələri daxil edə bilərik? b) Mənalı dualar etməyə bizə nə kömək edə bilər?

9 Aydın məsələdir ki, Allaha yaxınlaşmaq istəyiriksə, dualarımız səthi olmamalıdır. Ürəyimizdən keçənləri Yehova ilə nə qədər çox bölüşsək, bir o qədər Ona yaxın olacaq və etibar edəcəyik. Bəs onda dualarımıza nələri daxil etməliyik? Allahın Kəlamında deyilir: «Hər diləyinizi dua, yalvarış və şükranla Allaha bildirin» (Filip. 4:6). Deməli, Allahla münasibətlərimizə, yaxud şəxsi həyatımıza aid olan hər şey haqqında dua etmək məqbuldur.

10 Duaları Müqəddəs Kitabda qeydə alınan sadiq kişi və qadınların sözləri üzərində düşünmək faydalıdır (1 Şam. 1:10, 11; Həv. iş. 4:24—31). «Zəbur» kitabında Yehovaya ürəkdən söylənən çoxlu sayda dualar və həmd nəğmələri var. İnsanda yaranan dərd-kədərdən tutmuş sevinc hissinə kimi hər cür hiss bu dualarda və nəğmələrdə öz əksini tapmışdır. Sadiq insanlarda yaranmış belə hissləri təhlil etmək Yehovaya mənalı dualar etməyə kömək edəcək.

ALLAHIN ÖYÜDLƏRİ ÜZƏRİNDƏ DÜŞÜN

11. Allahın xəbərdarlıqları üzərində nə üçün düşünməliyik?

11 Davud nida edir: «Rəbbin öyüdü etibarlıdır, nadanı müdrik edir» (Məz. 19:7). Bəli, hətta təcrübəsiz olsaq belə, Allahın əmrlərinə tabe olmaqla müdriklik qazana bilərik. Ancaq həyatda qarşılaşdığımız hər bir vəziyyətdə sadiq qalmaq istəyiriksə, Müqəddəs Yazılardakı bəzi məsləhətlərin üzərində dərindən düşünməliyik. Bura məktəbdə və ya işdə üzləşdiyimiz təzyiqlər zamanı nöqsansızlığımızı qorumaq, qanla bağlı Allahın qoyduğu tələbə bağlı qalmaq, məsihçi bitərəfliyini qorumaq, eləcə də geyim və xarici görünüş məsələsində Müqəddəs Kitab prinsiplərinə riayət etmək daxildir. Bu məsələlərdə Allahın nöqteyi-nəzərinə malik olmaq problemlərə qabaqcadan hazır olmağa kömək edəcək. Bunun sayəsində üzləşəcəyimiz hər hansı vəziyyətdə necə davranmalı olduğumuza qərar verə biləcəyik. Bu cür uzaqgörənlik və tədbirli olmaq bizi səhv hərəkətlərdən qoruyacaq (Sül. məs. 15:28).

12. Nələrin üzərində düşünmək Allahın göstərişlərinə bağlı qalmağa bizə kömək edə bilər?

12 Allahın vədlərinin yerinə yetməsini gözləyərkən həyat tərzimiz ruhən ayıq qaldığımızı göstərirmi? Məsələn, biz Böyük Babilin tezliklə məhv olacağına, həqiqətən də, inanırıqmı? Yaxud yerüzü Cənnətdə əbədi həyat və digər gələcək xeyir-dualar ilk dəfə onlar haqqında eşitdiyimiz kimi indi də bizim üçün realdırmı? Başımızın şəxsi işlərimizə qarışmasına yol vermək əvəzinə, xidmətdə səyimizi qoruyuruqmu? Bəs dirilmə ümidi, Yehovanın adının təqdis edilməsi və Onun ali hökmranlığına bəraət qazandırılması barədə nə demək olar? Bunlar hələ də bizim üçün əhəmiyyətli olaraq qalırmı? Bu sualların üzərində düşünmək bizə, məzmurçunun dediyi kimi, Allahın «göstərişlərinə» bağlı qalmağa kömək edə bilər (Məz. 119:111).

13. Nəyə görə birinci əsrdəki məsihçilər bəzi şeyləri başa düşməyə çətinlik çəkirdilər? Nümunə çək.

13 Müqəddəs Kitabda yazılan bəzi məlumatlar bizim üçün tam aydın olmaya bilər, çünki Yehovanın onları açıqlamaq üçün təyin etdiyi vaxt hələ yetişməyib. İsa həvarilərinə əzab çəkəcəyi və öldürüləcəyi barədə dəfələrlə demişdi. (Matta 12:40; 16:21 ayələrini oxu.) Ancaq həvarilər onun nə demək istədiyini başa düşmürdülər. Onlar bu sözlərin mənasını İsa ölüb dirildikdən sonra insan bədənində bir neçə şagirdinə göründükdən və «Müqəddəs Yazıların mənasını anlamaq üçün onların zehnini tam açdı»qdan sonra anladılar (Luka 24:44—46; Həv. iş. 1:3). Həmçinin Məsihin davamçıları eramızın 33-cü ilinin Əllinci gün bayramında müqəddəs ruh üzərlərinə tökülənə qədər Allahın Padşahlığının göydə qurulacağını dərk etmirdilər (Həv. iş. 1:6—8).

14. İyirminci əsrin əvvəllərində axır günlərlə bağlı yanlış təsəvvürlərə baxmayaraq, bir çox qardaşlar hansı gözəl nümunəni qoymuşlar?

14 Eynilə, 20-ci əsrin əvvəllərində həqiqi məsihçilərin arasında axır günlərlə bağlı bəzi yanlış təsəvvürlər mövcud idi (2 Tim. 3:1). Məsələn, 1914-cü ildə bəziləri tezliklə göyə qaldırılacaqlarını düşünürdülər. Ümidlərinin dərhal doğrulmadığını görüb onlar Müqəddəs Yazıları yenidən səylə araşdırmağa başladılar və bunun nəticəsində başa düşdülər ki, qarşıda onları böyük təbliğ kampaniyası gözləyir (Mark 13:10). Bu səbəbdən, təbliğ işinə rəhbərlik edən Cozef Ruterford qardaş 1922-ci ildə Ohayo ştatının Sidar-Point şəhərində (ABŞ) keçirilən beynəlxalq konqresdə toplaşanlara demişdi: «Budur! Padşah artıq hökmranlıq edir! Siz onun carçılarısınız. Buna görə də Padşahı və onun Padşahlığını elan edin, elan edin, elan edin». O vaxtdan etibarən, Yehovanın müasir xidmətçiləri «Padşahlıq haqqındakı bu xoş xəbər»i bəyan etməklə tanınırlar (Mat. 4:23; 24:14).

15. Allahın Öz xalqı üçün etdiyi işlər üzərində düşünməyin bizə hansı faydası var?

15 Yehovanın keçmişdə və indi Öz xalqına verdiyi vədləri necə möhtəşəm şəkildə yerinə yetirdiyi üzərində fikirləşəndə Onun Öz iradəsini və niyyətini gələcəkdə də həyata keçirməyə qadir olduğuna əminliyimiz daha da artır. Habelə, Allahın verdiyi öyüdlər gələcəkdə yerinə yetəcək peyğəmbərlikləri daima yadda saxlamağa kömək edir. Biz əmin ola bilərik ki, belə etmək Allahın vədlərinə etibarımızın artmasına kömək edəcək.

İBADƏT ETMƏKLƏ ETİBARINI MÖHKƏMLƏNDİR

16. Xidmətdə fəal olmaq hansı xeyir-dualar gətirir?

16 Allahımız Yehova fəal və işgüzar Allahdır. «Ya Rəbb,.. Sənin tək qüdrətli varmı?» — deyə məzmurçu soruşur. Sonra əlavə edir: «Sağ əlin ucadır, əllərin qüdrətlidir!» (Məz. 89:8, 13). Buna müvafiq olaraq, Yehova Padşahlığın maraqlarını birinci yerə qoymaq üçün göstərdiyimiz səyləri qiymətləndirir və xeyir-dualandırır. O görür ki, Onun xidmətçiləri — kişilər və qadınlar, gənclər və yaşlılar — əllərini əllərinin üstünə qoyub oturmur və «tənbələ layiq olan çörəyi yemir» (Sül. məs. 31:27). Yaradanımızı təqlid edərək biz də aktiv şəkildə teokratik işlərlə məşğul olmalıyıq. Allaha var gücümüzlə xidmət etmək bizə sevinc gətirir və Yehovanı məmnun edir. (Məzmur 62:12 ayəsini oxu.)

17, 18. Nəyə görə deyə bilərik ki, imanla davranmaq Yehovanın məsləhətlərinə etibarımızı artırır? Nümunə çək.

17 İmanla davranmağımız Yehovaya etibarımızı möhkəmləndirməyə necə kömək edir? Gəlin Müqəddəs Yazılardan israillilərin Vəd edilmiş diyara necə daxil olduqlarını nəzərdən keçirək. Yehova kahinlərə əhd sandığını birbaşa İordan çayından keçirməyi tapşırmışdı. Lakin xalq yaxınlaşanda yaz yağışları ucbatından çayın sularının daşdığını gördü. İsraillilər nə edəcəkdilər? Onlar çayın kənarında düşərgə salacaq və həftələrlə, yaxud daha çox oturub suların çəkilməsini gözləyəcəkdilər? Xeyr, onlar Yehovaya tam etibar edib Onun göstərişlərinə riayət etdilər. Bəs bunun nəticəsi necə oldu? Biz oxuyuruq: «Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə yuxarıdan axan sular... tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi. Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər» (Yeşua 3:12—17). Təsəvvür edirsiniz, həmin güclü axan suların dayandığını görmək necə də sevindirici idi! Bəli, Yehovanın göstərişlərinə etibar etmələri sayəsində israillilərin Ona olan imanı möhkəmləndi.

Yeşuanın günlərindəki israillilər kimi, sən də Yehovaya etibar etdiyini göstərəcəksənmi? (17, 18-ci abzaslara bax)

18 Düzdür, bu gün Yehova xalqı üçün belə möcüzələr göstərmir, ancaq imanlarına görə onları da xeyir-dualandırır. Allahın fəal qüvvəsi onlara Padşahlıq haqqında xoş xəbəri bütün dünyada təbliğ etmək işində dəstək olur. Və Yehovanın ən öndə gedən Şahidi olan dirilmiş İsa Məsih öz şagirdlərini əmin etmişdi ki, bu vacib işi həyata keçirməkdə onlara kömək edəcək: «Buna görə də gedin və bütün millətlərin içində şagird hazırlayın... Mən bu dövrün yekununa kimi həmişə sizinləyəm» (Mat. 28:19, 20). Utancaq olan Şahidlərin bir çoxu öz nümunələrindən əmin ola bilərlər ki, Allahın müqəddəs ruhu onlara təbliğdə cəsarətlə danışmağa kömək edir. (Məzmur 119:46; 2 Korinflilərə 4:7 ayələrini oxu.)

19. Allaha istədiyimiz qədər xidmət edə bilməsək də, nəyə əmin ola bilərik?

19 Bəzi bacı-qardaşlarımız xəstəliklər və ya qocalıq ucbatından Allaha istədikləri qədər xidmət edə bilmirlər. Bununla belə, onlar əmin ola bilərlər ki, «mərhəmətli Ata və hər cür təsəlli Allahı» olan Yehova hər bir məsihçinin vəziyyətini başa düşür (2 Kor. 1:3). O, Padşahlığın maraqları üçün etdiyimiz hər şeyi qiymətləndirir. Hər birimiz yadda saxlamalıyıq ki, imkan daxilində nə qədər işlər görməyə çalışsaq da, xilasımız, əsas etibarilə, Məsihin fidyə qurbanlığına iman etməyimizdən asılıdır (İbr. 10:39).

20, 21. Yehovaya etibar etdiyimizi hansı üsullarla göstərə bilərik?

20 İbadətimiz imkan daxilində vaxtımızı, gücümüzü və maddi vəsaitlərimizi sərf etməyi tələb edir. Bəli, biz xoş xəbəri təbliğ etmək üçün əlimizdən gələni etmək istəyirik (2 Tim. 4:5). Əslində, bunu etmək bizə xoşbəxtlik gətirir, çünki bunun sayəsində başqaları «həqiqət barəsində dəqiq biliyə [yiyələnir]» (1 Tim. 2:4). Aydındır ki, Allahımız Yehovaya şərəf gətirmək və Ona həmd etmək bizi ruhən zənginləşdirir (Sül. məs. 10:22). Bu da bizə Yaradanımıza tam etibar etməyə kömək edir (Rom. 8:35—39).

21 Artıq müzakirə etdiyimiz kimi, Yehovanın hikmətli göstərişlərinə etibar öz-özünə yaranmır; bunun üçün biz var gücümüzlə çalışmalıyıq. Buna görə də dua etməklə Yehovaya etibarını möhkəmləndir. Yehovanın Öz vədlərini keçmişdə necə yerinə yetirdiyi və gələcəkdə necə yerinə yetirəcəyi barədə düşün. Bundan savayı, Yehovaya etibarını ibadət etməklə möhkəmləndir. Bəli, Yehovanın öyüdləri əbədidir. Bu öyüdlərə əməl etsən, əbədi yaşaya bilərsən!