İnsanlarla münasibətlər barədə məsləhətlər
Yaradanımızın verdiyi öyüd-nəsihətlər sayəsində ailə üzvlərimizlə, iş yoldaşlarımızla, dostlarımızla xoş münasibətdə ola bilərik. Gəlin bu sahədə çoxlarına kömək edən bir neçə məsləhətə nəzər salaq.
Bağışlamağı bacarın
«Birinizin digərindən şikayəti olsa da, bir-birinizi ürəkdən bağışlayın» (KOLOSLULARA 3:13).
Səhvsiz insan yoxdur. Bəzən biz kiminsə xətrinə dəyirik, bəzən kimsə bizim xətrimizə dəyir. Buna görə də hamımız bir-birimizi bağışlamalıyıq. Bağışlamaq o deməkdir ki, xətrimizə dəyən insana kin bəsləmirik. «Pislik əvəzinə pislik» etmirik və insanın səhvini dəqiqəbaşı üzünə vurmuruq (Romalılara 12:17). Ancaq kiminsə hərəkəti bizi yaralayıbsa və bunu heç cür unuda bilmiriksə, onda həmin insanla təklikdə hörmətcil şəkildə danışmalıyıq. Məqsədimiz onu günahkar çıxarmaq yox, barışmaq olmalıdır (Romalılara 12:18).
Təvazökar və hörmətcil olun
«Təvazökar olub başqalarını özünüzdən üstün sayın» (FİLİPPİLİLƏRƏ 2:3).
Təvazökar və hörmətcil olsaq, başqalarına bizimlə ünsiyyət etmək xoş olacaq. Onlar arxayın olacaqlar ki, biz nəzakətli, xoşrəftar insanıq və qəsdən onların xətrinə dəyməyəcəyik. Ancaq özümüzü başqalarından üstün saysaq, həmişə öz dediyimizi yeritməyə çalışsaq,
gərginlik, mübahisə yaranacaq. İnsanlar bizdən uzaq duracaq. Çox az dostumuz olacaq, bəlkə də, heç olmayacaq.Qərəzsiz olun
«Allah ayrı-seçkilik etməyən Allahdır, hər xalqın içində Ondan qorxan və düzgün iş görən adamdan razıdır» (HƏVARİLƏRİN İŞLƏRİ 10:34, 35).
Yaradanımız milliyətinə, dilinə, maddi vəziyyətinə, yaxud dərisinin rənginə görə insanlar arasında fərq qoymur. O, «bir insandan hər xalqı yaratdı» (Həvarilərin işləri 17:26). Deməli, müəyyən mənada bütün insanlar bacı-qardaşdır. Biz insanlarla hörmətcil, mehriban davrananda onlar da sevinir, özümüz də sevinirik, üstəlik, Yaradanımız da razı qalır.
Mülayim olun
«Mülayimliyi... geyinin» (KOLOSLULARA 3:12).
Biz mülayim olanda insanlar yanımızda özlərini rahat hiss edir. Onlar sərbəst şəkildə bizimlə danışır, hətta səhvimizi də çəkinmədən deyirlər. Çünki bilirlər ki, özümüzdən çıxmayacağıq. Bundan başqa, kimsə bizimlə hirsli danışanda mülayim cavabımızla onu sakitləşdirə bilərik. Məsəllər 15:1 ayəsində deyilir: «Mülayim cavab hirsi yatırar, kobud söz qəzəb oyadar».
Səxavətli və qədirbilən olun
«Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (HƏVARİLƏRİN İŞLƏRİ 20:35).
Bu gün çox insanlar tamahkardır və öz mənfəətini güdür. Ancaq insan səxavətli olanda xoşbəxt olur (Luka 6:38). Çünki o, əşyalardan çox insanları sevir. Həmçinin bu sevgidən irəli gələrək o, qədirbilən olur və kimsə ona qarşı səxavət göstərəndə minnətdarlığını bildirir (Koloslulara 3:15). Özünüzdən soruşun: «Mən necə insan olmaq istəyirəm: xəsis və nankor, yoxsa səxavətli və qədirbilən?» Beləliklə, başqalarından nə gözləyirsinizsə, özünüz də elə olun (Mətta 7:12).