Kontentə keç

Müqəddəs Kitab bizim dövrə necə gəlib çatıb?

Müqəddəs Kitab bizim dövrə necə gəlib çatıb?

Müqəddəs Kitab bizim dövrə necə gəlib çatıb?

Müqəddəs Yazıların zəmanəmizədək salamat gəlib çatması, sözün əsl mənasında, bir möcüzədir. Onun son sözlərinin yazılmasından artıq 1900 ildən çox vaxt keçib. Bu kitab davamsız materiallar üzərində: papirus vərəqələri və ya heyvan dərisindən hazırlanan perqament üzərində yazılmışdır. Onun yazıldığı dillərdə bu gün az adam danışır. Bundan başqa, tarix boyu imperatorlardan tutmuş dini rəhbərlərədək əlində hakimiyyət olan nüfuzlu şəxslər bu kitabı var gücüylə məhv etməyə çalışmışdır.

BU qeyri-adi əsər zamanın sınağından necə çıxmışdır və zəmanəmizin ən tanınmış və ən çox yayılmış kitabına necə çevrilmişdir? İkicə amili nəzərdən keçirək.

Çoxsaylı nüsxələr Müqəddəs Kitab mətninin qorunmasına xidmət edir

Müqəddəs Kitabın ilk əlyazmaları İsrail xalqına əmanət edilmişdi. İsraillilər orijinal əlyazmaları böyük qayğı ilə qoruyur və üzünü köçürərək çoxlu sayda nüsxələrini yaradırdılar. Məsələn, taxta çıxan hər yeni İsrail hökmdarı «lavili kahinlərin saxladığı bu Qanunun surətini özü üçün köçürməli» idi (Qanunun təkrarı 17:18).

İsraillilər Müqəddəs Yazıları sevə-sevə oxuyurdular, çünki başa düşürdülər ki, bu adi kitab deyil, Allahın Kəlamıdır. Elə bu səbəbdən də, təlim almış təcrübəli mirzələr böyük ehtiyatla Müqəddəs Yazıların üzünü köçürürdülər. Onlardan biri Üzeyir adlı mömin bir mirzə «İsrailin Allahı Yehovanın Musaya verdiyi Qanunun bilicisi idi» (Üzeyir 7:6). Bizim eranın VI—X əsrlərində Əhdi-Ətiq kimi tanınan Tövratın üzünü köçürən masoretlər səhvə yol verməmək üçün hətta mətndəki hərfləri belə, bir-bir sayırdılar. İşə bu cür diqqətlə yanaşmanın sayəsində həm mətnin dəqiqliyi qorunmuşdur, həm də düşmənlərin dəfələrlə bu Kitabı məhv etmək cəhdlərinə baxmayaraq, Müqəddəs Yazılar bir əsər kimi zəmanəmizə qədər qorunub saxlanılmışdır.

Misal üçün, Suriya hökmdarı IV Antiox eramızdan əvvəl 168-ci ildə Tövratın Fələstində tapdığı bütün nüsxələrini məhv etməyə cəhd etmişdir. Bir yəhudi tarixi kitabında qeyd edilir: «Onlar tapdıqları hər qanun tumarını cırıb odda yandırırdılar». «Yəhudi ensiklopediyası»nda deyilir: «Əmrin icrası ilə məşğul olan məmurlar tapşırıqlarına böyük canfəşanlıqla yanaşırdılar... Kimdə müqəddəs mətnlər tapılırdısa,.. ona ölüm cəzası kəsilirdi». Ancaq həm Fələstində, həm digər məmləkətlərdə yaşayan yəhudilər Müqəddəs Yazıların nüsxələrini qoruyub saxlaya bilmişdilər.

Əhdi-Cədidin və ya İncilin qələmə alınmasından çox keçməmiş bu kitaba daxil olan məktubların, peyğəmbərliklərin və tarixi hekayələrin çoxlu sayda nüsxəsi yaradılmağa başladı. Misal üçün, Yəhya öz adını daşıyan kitabı ya Efes şəhərində, ya da onun yaxınlığında qələmə almışdı. Ancaq Efesdən yüzlərlə kilometr uzaqda yerləşən Misirdə bu Müjdənin nüsxəsindən bir parça tapılmışdır. Mütəxəssislərin rəyinə görə, nüsxə ilə orijinal mətnin yazılması arasında 50 ildən az fərq var. Bu tapıntı ona işarə edir ki, uzaq ölkələrdə yaşayan məsihilər belə yeni qələmə alınmış mətnin nüsxələrinə sahib idilər.

Bu cür geniş yayılması sayəsində Allahın Kəlamı Məsihdən sonrakı əsrlərdə də salamat qalmışdı. Məsələn, deyilənlərə görə, eramızın 303-cü ili fevralın 23-də səhər çağı Roma İmperatoru Diokletianın gözü önündə əsgərləri bir kilsənin qapısını sındırıb Müqəddəs Yazıların nüsxələrini yandırmışdılar. Diokletian düşünürdü ki, Müqəddəs Yazıları məhv etməklə məsihiliyin kökünü kəsə bilər. Növbəti gün o əmr etdi ki, Roma imperiyasının hər yerində Müqəddəs Kitabın bütün nüsxələri camaat qarşısında yandırılsın. Buna baxmayaraq, nüsxələr qorunur, üstəlik, artırdı da. Müqəddəs Kitabın yunanca iki nüsxəsinin böyük bir hissəsi günümüzədək gəlib çatmışdır və ehtimal ki, bu nüsxələr Diokletianın bu cəhdlərindən qısa müddət sonra yaradılmışdı. Onlardan biri Romada, biri isə Londonda Britaniya Kitabxanasında saxlanılır.

Bu vaxta kimi Müqəddəs Yazıların orijinal əlyazmaları tapılmasa da, Müqəddəs Kitabın tam mətninin və ya bölmələrinin minlərlə nüsxəsi günümüzədək sağ-salamat gəlib çatmışdır. Onlardan bəziləri çox qədimidir. Bəs nüsxələrə köçürüldükcə orijinal mətnin mənası dəyişilirdi? İbranişünas Vilyam Qrin Tövrat haqda demişdir: «Arxayınlıqla demək olar ki, hələ antik dövrə aid heç bir əsər bizə bu dərəcədə dəqiqliklə gəlib çatmamışdır». İncilə gəldikdə isə Müqəddəs Kitab əlyazmaları üzrə görkəmli mütəxəssis Ser Frederik Kenyon yazmışdır: «Orijinal mətnlərin yazılması ilə bizə gəlib çatan erkən nüsxələrin yazılması arasındakı vaxt o dərəcədə qısadır ki, onu əhəmiyyətsiz hesab etmək olar və bununla da, Müqəddəs Yazıların bizə olduğu kimi gəlib çatdığına dair ən son şübhə belə aradan qalxır. Əhdi-Cədid mətninin mötəbərliyidəyişdirilmədiyi artıq tamamilə təsdiq edilmişdir». O, həmçinin qeyd etmişdir: «Tam əminliklə demək olar ki, Müqəddəs Kitabın mətni mahiyyət etibarilə şübhə doğurmur... Bunu başqa heç bir qədim kitab haqda demək olmaz».

Müqəddəs Kitabın başqa dillərdə tərcümələri

Müqəddəs Kitabın bəşəriyyətin ən tanınmış kitabı olmasına təkan vermiş ikinci amil bu kitabın bir çox dillərə tərcümə olunmasıdır. Bu fakt Allahın iradəsinə uyğundur. Elə Allahın da istəyi odur ki, bütün millətlərə və dillərə mənsub insanlar Onu tanıyıb Ona «ruha və həqiqətə uyğun» ibadət etsinlər (Yəhya 4:23, 24; Mikə 4:2).

Tövratın ilk məlum tərcüməsi yunan dilində olan «Septuaginta» adlı tərcümədir. Bu tərcümə Məsihin yer üzündəki xidmətindən 200 il öncə tamamlanmışdı və Fələstindən kənarda yaşayan yunan dilli yəhudilər üçün nəzərdə tutulmuşdu. İncil də daxil olmaqla bütün Müqəddəs Kitab yazılıb tamamlanandan sonra bir neçə əsr ərzində çoxlu dillərə tərcümə edilmişdir. Ancaq daha sonralar padşahlar və keşişlər buna mane oldular. Halbuki keşişlər əllərindən gələni etməli idilər ki, bu kitab xalq üçün əlçatan olsun. Onlar Allahın Kəlamının xalq dilinə tərcümə olunmasının qarşısını almaqla camaatı ruhani zülmətdə saxladılar.

Dövlətin və Kilsənin əksinə gedərək cəsarətli insanlar həyatlarını oda atıb Müqəddəs Kitabı sadə xalqın dilinə tərcümə edirdilər. Misal üçün, 1530-cu ildə İngiltərənin Oksford Universitetində təhsil almış Vilyam Tindal Tövratın ilk beş bölməsini öz ana dilində nəşr etdi və beləcə, böyük təqiblərə baxmayaraq, Müqəddəs Yazıların ibrani dilindən birbaşa ingilis dilinə edilmiş ilk tərcüməsi ərsəyə gəldi. Tindal həmçinin «Yehova» adını tərcüməsində istifadə edən ilk ingilis tərcüməçi oldu. İspan ilahiyyatçısı Kasiodoro de Reyna ölümün gözünə dik baxaraq Müqəddəs Kitabın ispan dilinə ilk tərcüməsi üzərində işləyirdi. İş orasında idi ki, onu Katolik kilsəsi addımbaaddım təqib edirdi. Tərcüməsini bitirmək üçün o İngiltərədə, Almaniyada, Fransada, Hollandiyada və İsveçrədə işləməli olmuşdu *.

Bu gün də Müqəddəs Kitab daha çox dillərə tərcümə olunmaqdadır, hər il onun milyonlarla nüsxəsi nəşr olunur. Onun uzaq əsrlərdən günümüzədək salamat gəlib çıxması və bəşəriyyətin ən çox yayılmış kitabı olması həvari Butrusun Allahın ilhamı ilə yazdığı sözlərinin doğruluğunu bir daha sübut edir: «Ot quruyar, çiçək solub tökülər,Yehovanın sözü isə əbədi qalar» (1 Butrus 1:24, 25).

[Haşiyə]

^ Reynanın tərcüməsi 1569-cu ildə işıq üzü görmüşdü və 1602-ci ildə Kipriano de Valera mətni yenidən işləmişdi.

[Çərçivə/şəkillər]

MÜQƏDDƏS KİTABIN HANSI TƏRCÜMƏSİNİ OXUYUM?

Bir çox dillərdə Müqəddəs Kitabın çoxlu tərcüməsi mövcuddur. Bəzi tərcümələrdə qəliz, arxaik sözlər işlədilir. Bəzilərində isə tərcüməçilər çox sərbəstliyə yol veriblər, yəni mətnin dəqiq çatdırılması yox, rahat oxunmasına diqqəti cəmləyiblər. Digər tərcümələr hərfidir, demək olar ki, sözbəsöz edilmiş tərcümələrdir.

Yehovanın Şahidləri tərəfindən dərc olunan ingiliscə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» nəşri birbaşa orijinal dillərdən tərcümə edilmişdir. Bu işi görən tərcüməçilərin adları anonim saxlanılır. Sonra isə ingiliscə «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» nəşri əsas mətn kimi götürülərək təxminən 60 dilə tərcümə edilmişdir. Bununla belə, bu dillərə tərcümə edənlər mətni orijinal dillərlə müqayisə edirdilər. «Yeni Dünya Tərcüməsi»nin məqsədi mənanın itmədiyi hallarda orijinal dildən hərfi tərcümə etməkdir. Tərcüməçilər çalışırlar ki, orijinal mətn o dövrdəki oxuculara necə aydın idisə, Müqəddəs Kitabın tərcüməsi də müasir oxucuya eləcə aydın olsun.

Bəzi dilşünaslar Müqəddəs Kitabın müasir tərcümələrini, o cümlədən «Yeni Dünya Tərcüməsi»ni diqqətlə araşdırmışlar. Onların məqsədi mətndə səhvlər və tərcüməçinin qərəzli münasibətini göstərən nümunələr tapmaq idi. Bu alimlərdən biri ABŞ-ın Şimali Arizona Universitetində dinşünaslıq üzrə professor vəzifəsində çalışan Ceyson Deyvid Bedundur. 2003-cü ildə o, 200 səhifəlik elmi əsərini nəşr etdirdi. Əsərdə o, Müqəddəs Kitabın ən çox yayılmış doqquz ingiliscə tərcüməsini araşdırırdı. O, Müqəddəs Kitabın mübahisə doğuran bir neçə parçasını araşdırmışdı, çünki «məhz bu cür yerlərdə dini qərəz obyektivliyə üstün gəlir». O bunu necə etmişdi? O, hər bir parçanı araşdırarkən yunan mətnini ingilis dilində olan doqquz tərcümə ilə müqayisə etmiş və qərəzli münasibətə görə təhrif edilmiş fikirləri tapmağa çalışmışdı. Bəs hansı qənaətə gəlmişdi?

Bedun bildirmişdi ki, bir çox alimlərin və ümumiyyətlə ictimaiyyətin fikrincə «Yeni Dünya Tərcüməsi»ndə olan fərqlər tərcüməçilərin qərəzli münasibətinə əsaslanır. Ancaq o qeyd edir: «Yeni Dünya Tərcüməsindəki fərqlərin əksəriyyəti bu tərcümənin hərfi tərcümə, yəni daha dəqiq tərcümə olmasına görədir». Alim «Yeni Dünya Tərcüməsi»ndə bəzi Müqəddəs Kitab parçalarının necə tərcümə edildiyi ilə razılaşmasa da, qeyd edir ki, «bu tərcümə müqayisə olunanlar arasında ən dəqiqidir». O, «Yeni Dünya Tərcüməsi»ni «əla» tərcümə adlandırır.

İsraildə çalışan ibranişünas doktor Benyamin Kedar «Yeni Dünya Tərcüməsi» haqda oxşar fikirdədir. 1989-cu ildə o qeyd etmişdir: «Bu əsərdən aydın görünür ki, orijinal mətnin maksimal dərəcədə düzgün və dəqiqliklə dərk edilməsi üçün çox qüvvə sərf olunmuşdur... Mən “Yeni Dünya Tərcüməsi”nin mətnində orijinalda olmayan fikrin qərəzli niyyətlə mətnə daxil edilməsinin bir dəfə də olsun şahidi olmamışam».

Özünüzdən soruşun: «Müqəddəs Kitabı hansı məqsədlə oxuyuram? Mənim üçün dəqiqlik vacibdir, yoxsa əsas odur rahat oxunsun? Məgər istəməzdim orijinal mətndəki fikirlərin dəqiqliklə tərcümə olunduğu bir nəşri oxuyum?» (2 Butrus 1:20, 21) Sizin məqsədiniz tərcümə seçiminizə təsir edəcək.

[Şəkil]

«Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»ni bir sıra dillərdə oxumaq mümkündür

[Şəkil]

Masoret əlyazmaları

[Şəkil]

Üstündə Luka 12:7 ayəsindən sitat yazılmış fraqment «... qorxmayın, siz sərçələrdən qat-qat qiymətlisiniz»

[Şəkil]

Foreground page: National Library of Russia, St. Petersburg; second and third: Bibelmuseum, Münster; background: © The Trustees of the Chester Beatty Library, Dublin