Kontentə keç

Əxlaq nə vaxt çökməyə başlayıb?

Əxlaq nə vaxt çökməyə başlayıb?

Əxlaq nə vaxt çökməyə başlayıb?

SİZCƏ, əxlaq nə vaxt çökməyə başladı? Sizin yaşadığınız dövrdə, yoxsa sizdən əvvəlki dövrdə? Bəzilərinin fikrincə 1914-cü ildə I Dünya müharibəsinin başlaması ilə analoqu olmayan əxlaqi tənəzzül dövrü də başlandı. «1914-cü ildəki nəsil» kitabında professor Robert Vol qeyd edir: «Müharibədən sonra sağ qalanlar heç vaxt bu fikirdən dönməzlər ki, 1914-cü ilin avqust ayı bir dünyanın sonu, başqa dünyanın başlanğıcı oldu».

Tarixçi Norman Kantor deyir: «Onsuz da tənəzzülə doğru gedən əxlaq normaları bütün dünyada məhv oldu. Əgər siyasətçilər və generallar tabeliklərində olan milyonlarla insanlarla kəsimlik heyvan kimi davranırlarsa, onda hansı din və əxlaq qaydaları insanların bir-birilə heyvan kimi davranmasının qarşısını ala bilər?.. Birinci Dünya müharibəsindəki [1914—1918] qətliam insan həyatının dəyərini olduqca aşağı saldı».

İngilis yazıçısı və tarixçisi Qerbet Vels özünün «Sivilizasiyanın tarixi oçerki» əsərində qeyd edir ki, məhz təkamül nəzəriyyəsi qəbul olunduqdan sonra «əxlaq qaydalarının əsl tənəzzülü başladı». Nəyə görə? Çünki təkamülçülər iddia edirdilər ki, insan sadəcə heyvanın ali formasıdır. Təkamülçü olan Vels 1920-ci ildə yazmışdı: «Onlar belə qənaətə gəldilər ki, insan hind ov iti kimi sosial bir heyvandır... Buna görə də insan sürülərindəki iri və güclü itlərin başqaları ilə zorakı davranması və onların üzərində hakimiyyət sürməsi yerindədir».

Kantorun da dediyi kimi, birinci dünya müharibəsinin insanların əxlaq anlayışına çox güclü təsiri oldu. O izah edir: «Yaşlı nəslin siyasi baxışları, geyim tərzi, əxlaq dəyərləri tamamilə yanlış hesab olundu». Kilsə Məsihin təlimlərini təkamül nəzəriyyəsinə dəyişməklə və münaqişə tərəflərini dəstəkləməklə əxlaqi tənəzzüldə böyük rol oynadı. Britaniya ordu generalı Frank Krojer yazmışdı: «Xristian kilsələri qana susamaq hissini alovlandırmağı çox yaxşı bacarır, biz də bundan istədiyimiz kimi yararlanırıq».

Əxlaq qaydaları çökür

Birinci Dünya müharibəsindən sonrakı onillik ərzində, «təlatümlü iyirminci illər» adlanan dövrdə əvvəlki əxlaq dəyərləri və qaydaları sıradan çıxarıldı və yerini «hər şey olar» prinsipi tutdu. Tarixçi Frederik Luis deyir: «Müharibədən sonrakı on ili əminliklə pozğunluq illəri adlandıra bilərik... Köhnə quruluşla yanaşı, bir vaxtlar həyatı zəngin və mənalı edən dəyərlər də yox oldu. Onların yerini isə heç bir dəyərlər tutmadı».

1930-cu illərdəki Böyük böhran zamanı bir çoxları yoxsulluq ucbatından özlərinə qapandı. Amma 30-cu illərin axırında dünyada daha acınacaqlı müharibə, II Dünya müharibəsi başlandı. Qısa müddət sonra ölkələr dəhşətli silahların istehsalına başladı. Bu, dünyanı Böyük böhrandan çıxarıb daha dəhşətli əzab-əziyyətin, qorxunun ağuşuna atdı. Müharibə başa çatanda yüzlərlə şəhər viran qalmışdı; iki yapon şəhəri cəmi iki nüvə bombası ilə yerlə yeksan oldu! Milyonlarla insan dəhşətli həbs düşərgələrində həyatını itirdi. Müharibə 50 milyondan çox kişinin, qadının və uşağın həyatına son qoydu.

II Dünya müharibəsindəki dəhşətlər zamanı insanlar əsrlərlə kök salmış ədəb-ərkan qaydalarını kənara qoyub, öz əxlaq qaydalarını təsis etdilər. Bir kitabda yazılıb: «Sanki müharibə əxlaq məsələlərində bütün sərhədləri götürdü, çünki döyüş meydanında məqbul sayılan şeylər evlərə soxulmuşdu... Müharibənin həyəcanı qısa müddətdə əxlaq sərhədlərini pozdu və əksər evlərdə həyat döyüş meydanındakı kimi ucuz və qısa oldu» («Love, Sex and War—Changing Values, 1939—45»).

Daim ölüm təhlükəsi ilə qarşı-qarşıya duran insanların müvəqqəti də olsa, münasibət qurmaq arzusunu alovlandırdı. Britaniyadan olan evdar qadın həmin illərdə cəmiyyətin əxlaqsızlığa göz yummasına bu cür bəraət qazandırmışdı: «Əslində biz əxlaqsız deyildik, sadəcə müharibə dövründə yaşayırdıq». Bir amerikalı əsgər demişdi: «Əksər insanların gözündə əxlaqsız sayılırdıq, amma gənc idik, üstəlik də günü sabah ölə bilərdik».

Müharibədən sağ çıxanlar gördükləri dəhşətli şeylərdən çox sarsılmışdılar. Müharibə vaxtı uşaq olanlar da hətta bu günə qədər qorxulu xatirələrdən və emosional travmalardan əziyyət çəkir. Çoxları imanları ilə yanaşı, əxlaq dəyərlərini də itirdi. Əxlaq dəyərləri aşılayan səlahiyyətli kəslərə hörmətsizlik yarandı və insanlar artıq heç nəyi ciddiyə almamağa başladılar.

Yeni əxlaq normaları

II Dünya müharibəsindən sonra insanların əxlaq dəyərləri ilə bağlı tədqiqatlar apardılar. Bu tədqiqatlardan biri 1940-cı illərdə ABŞ-da həyata keçirilmiş və 800-dən çox səhifəsi olan Kinsey hesabatıdır. Bütün bunlardan sonra cinsi münasibətlər barədə sərbəst danışılmağa başlandı. Halbuki əvvəllər bu haqda açıq danışılmırdı. Sonradan məlum oldu ki, hesabatda homoseksualistlər və başqa cinsi azlıqlar haqda rəqəmlər şişirdilmiş rəqəmlərdir. Bununla belə, bu, müharibədən sonra əxlaqın əməlli-başlı çökdüyünü göstərirdi.

Bir müddət insanlar cəmiyyətdə əxlaqlı görünməyə çalışdılar. Misal üçün, radioda, filmlərdə və televiziyada əxlaqsız materiallar senzuradan keçmirdi. Amma bu, çox çəkmədi. ABŞ-ın keçmiş təhsil naziri Vilyam Benet izah etmişdi: «1960-cı illərə qədər Amerikada sivilizasiya qəfil və sürətlə tənəzzülə uğradı». Bu tendensiya özünü bir çox ölkələrdə də göstərdi. Nəyə görə 60-cı illərdə əxlaqi tənəzzül sürətləndi?

Həmin onillik ərzində qadın azadlığı hərəkatı və dırnaqarası yeni əxlaq adlanan inqilab baş verdi. Hamiləlikdən effektiv şəkildə qoruyan həblər düzəldildi. Beləliklə də hamiləlik qorxusu olmadığından «azad sevgi», yəni «partnyorlar arasında heç bir öhdəliyin olmadığı cinsi münasibət» populyarlaşdı.

Bununla yanaşı, mətbuatda, filmlərdə və televiziyada da əxlaq qaydalarına fikir verilməməyə başlandı. Sonralar ABŞ-ın keçmiş Milli Təhlükəsizlik Şurasının rəhbəri Zbiqnev Brejinski televiziyada təbliğ olunan dəyərlər haqda demişdi: «Cinsi həzzi yaxşı bir şey kimi açıq-aşkar ucaldırlar, şiddətli zorakılığı və vəhşiliyi normal bir şey kimi göstərirlər və insanları təsadüfi cinsi münasibət qurmağa təşviq edirlər».

1970-ci illərə gəlincə, videomaqnitofonlar populyarlaşmışdı. İnsanlar artıq kinoteatrlarda izləməyəcəkləri əxlaqsız, pozğun filmlərə evlərində oturub baxa bilirdilər. Son illərdə isə bütün dünyada kompüteri olan hər kəs üçün pornoqrafiyanın ən iyrənc formaları internet vasitəsilə əlçatandır.

Bunun nəticələri insanı dəhşətə salır. ABŞ-dakı bir həbsxananın mühafizəçisi deyir: «On il əvvəl həbsxanaya düşən gənclərə nəyin pis, nəyin yaxşı olduğu haqda danışa bilirdim. İndi isə bura gələn gənclər üçün heç bir əxlaq dəyəri mövcud deyil».

Kimə üz tutmaq olar?

Biz əxlaq məsələlərində kömək üçün kilsəyə üz tuta bilmərik. Kilsə İsa Məsihin və onun birinci əsrdəki davamçılarının salehlik prinsiplərini təlqin etmək əvəzinə bu pozğun dünyanın bir hissəsi olub. Bir yazar sual vermişdi: «Hansı müharibədə tərəflərin hər biri Allahın onlarla olduğunu iddia etmir?» Nyu-Yorkdan olan bir keşiş Allahın normaları ilə bağlı demişdi: «Kilsə yeganə təşkilatdır ki, ora daxil olmaq üçün qoyulan tələblər avtobusa minmək üçün qoyulan tələblərdən də aşağıdır».

Göründüyü kimi, bu dünyada əxlaqın qəfil çökməsi qəti addımlar atmağın vacibliyini göstərir. Hansı addımlardan söhbət gedir? Nələr dəyişilməlidir? Bu dəyişiklikləri kim və necə edəcək?

[Yazı]

«Birinci Dünya müharibəsindəki [1914—1918] qətliam insan həyatının dəyərini olduqca aşağı saldı».

[Çərçivə]

ƏXLAQ VƏ DƏYƏRLƏR

Əxlaqın nə olduğu əvvəllər hər kəsə aydın idi. İnsan ya dürüst, sadiq, ismətli və ləyaqətli olurdu, ya da yox. Amma indi «əxlaq» sözünün yerini «dəyərlər» sözü tutub. Amma burada bir problem var. Tarixçi Qertrud Himelfarb öz kitabında bunu belə izah edir: «Dəyərlərdən fərqli olaraq, əxlaq barədə demək olmaz ki, hər kəsin özü üçün əxlaq qaydaları yaratmaq ixtiyarı var» («The De-Moralization of Society»).

Kitabda həmçinin qeyd olunur ki, dəyərlər dedikdə «bir kəsin, bir qrup insanın və ya cəmiyyətin hansısa dövrdə müəyyən səbəblərə görə sahib olduğu əqidə, baxış, hisslər, vərdişlər, adətlər, üstünlük verdiyi şeylər, qərəzli fikirlər, hətta səciyyəvi cəhətlər nəzərdə tutulur». Müasir zəmanədə isə insanlar düşünür ki, hər kəs öz dəyərlərini özü müəyyən etməlidir. Sanki dəyərlər mağazadakı ərzaqlardır. Kim hansını istəyir, seçir. Bəs belə olanda əxlaqla nə baş verir?

[Şəkil]

Pozğun əyləncələr getdikcə daha çox əlçatan olur