Kontentə keç

Mündəricatı göstər

Kimlərə hörmət etməliyik?

Kimlərə hörmət etməliyik?

«Taxtda oturana və Quzuya əbədiyyət boyu alqış, şan, şərəf, qüdrət məxsus olsun!» (VƏHY 5:13).

NƏĞMƏ: 9, 108

1. Hansı səbəblərə görə kiməsə hörmət göstərilməlidir və bu məqalədə hansı sualı müzakirə edəcəyik?

KİMƏSƏ hörmət etmək ona xüsusi münasibət bəsləmək, ehtiram göstərmək deməkdir. Buna görə də hörmət onu qazanan, xidmətinə və ya vəzifəsinə görə bu münasibətə layiq olan insana göstərilməlidir. Onda sual yaranır: biz kimə hörmət etməliyik və nəyə görə?

2, 3. a) Nəyə görə hörmətə, ilk növbədə, Yehova layiqdir? (Məqalənin əvvəlindəki şəklə baxın.) b) Vəhy 5:13 ayəsində «Quzu» sözü ilə təsvir olunan varlıq kimdir və nəyə görə o, hörmətə layiqdir?

2 Vəhy 5:13 ayəsində deyilir ki, taxtda oturan və Quzu şərəfə, yəni hörmətə və ehtirama layiqdir. Yehovanın hörmətə layiq olduğunu təsdiq edən səbəblərdən biri «Vəhy» kitabının dördüncü fəslində gətirilir. Allahın dərgahında ali mövqe tutan varlıqlar əbədi yaşayan Yehova Allahı uca səslə alqışlayıb deyirlər: «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:9—11).

3 «Vəhy» kitabında «Quzu» sözü ilə təsvir olunan varlıq «bəşəriyyətin günahını yuyan Allahın Quzusu» İsa Məsihdir (Yəh. 1:29). Müqəddəs Kitaba əsasən, o, bütün padşahlardan üstündür. Orada deyilir: «O, padşahlar Padşahı və ağalar Ağasıdır, ölməzliyə yeganə malik olan, əlçatmaz nurda yaşayan, insanlardan heç kəsin görmədiyi və görə bilmədiyi kəsdir» (1 Tim. 6:14—16). Birdə ki İsadan başqa heç bir padşah bizi günahdan azad etmək üçün canını qurban verməyib. Bunları fikirləşəndə insan saysız-hesabsız mələklərlə səs-səsə verib demək istəyir: «Öldürülmüş Quzu qüdrət, sərvət, hikmət, güc, şərəf, şöhrət və alqış almağa layiqdir!» (Vəhy 5:12).

4. Yehovaya və İsa Məsihə ehtiram bəsləmək nəyə görə mütləqdir?

4 Yehovaya və İsa Məsihə ehtiram bəsləmək mütləqdir, çünki bundan bizim əbədi həyatımız asılıdır. İsanın Yəhya 5:22, 23 ayələrində dediyi sözlər bu fikri təsdiqləyir: «Ata heç kəsi mühakimə etmir, O, bu səlahiyyəti Oğula verib ki, hamı Ataya ehtiram bəslədiyi kimi, Oğula da ehtiram bəsləsin. Oğula hörmət etməyən onu göndərmiş Ataya da hörmət etmir». (Zəbur 2:11, 12 ayələrini oxuyun.)

5. Nəyə görə insanlara hörmət etməliyik?

5 «Allah insanı Öz bənzərində» yaradıb (Yar. 1:27). Bu səbəbdən, demək olar ki, bütün insanlarda müəyyən mənada Allaha xas xüsusiyyətlər var. Məsələn, insanlar bir-birinə məhəbbət, xeyirxahlıq və şəfqət göstərirlər. Həmçinin hər bir insan günahı savabdan, yanlışı doğrudan ayırmağa kömək edən vicdan adlı hisslə doğulur (Rom. 2:14, 15). Təəssüf ki, bəzilərində bu hiss zamanla kütləşir. Əksər insanlar təmizliyi, gözəlliyi sevir, insanlarla mehriban olmağa can atır. Onlar bunu dərk etməsələr də, bununla müəyyən dərəcədə Allahın calalını əks etdirirlər. Buna görə də onlar hörmətə layiqdirlər (Zəb. 8:5).

İNSANLARI İLAHİLƏŞDİRMƏYİN

6, 7. İnsanlara hörmət məsələsində əsl məsihilər dünyadakı insanlardan necə fərqlənirlər?

6 İnsanlara hörmət məsələsində tarazlı olmaq vacibdir. Biz bilməliyik onlara necə və nə dərəcədə hörmət göstərməliyik. Əksər insanlar Şeytan dünyasının təsiri altında olduğu üçün müəyyən insanlara hörmət ifrat dərəcəyə çatıb, onlar ilahiləşdiriliblər. İnsanlar dini və siyasi xadimləri, idmançıları, şou aləmindəki ulduzları və digər tanınmış insanları həddən artıq ucaldır, onları allah səviyyəsinə qaldırırlar. Beləcə, cavanlarla yanaşı yaşlılar da özlərini bu insanlara bənzədir, onların hərəkətlərini, geyim tərzini, davranışını yamsılayırlar.

7 Əsl məsihilər isə insanlara hörmət məsələsində tarazlığı qoruyurlar. Bizim üçün mükəmməl nümunə yalnız İsa Məsihdir (1 But. 2:21). İnsanlara layiq olduqlarından artıq hörmət göstərməklə Allahın razılığını itirə bilərik. Heç vaxt yaddan çıxarmamalıyıq ki, «hamı günah işləyib, heç kəs Allahın calalını əks etdirə bilmir» (Rom. 3:23). Bəli, heç bir insan Allaha məxsus hörmətə layiq deyil.

8, 9. a) Yehovanın Şahidləri dövlət nümayəndələrinə necə yanaşırlar? b) Hansı vəziyyətlərdə dövlətə tabe olmaya bilərik?

8 Müəyyən insanlar dövlətdə yüksək vəzifə daşıyırlar. Onların vəzifəsi qanunun keşiyində durmaq və vətəndaşların ehtiyaclarını ödəməkdir. Bu, bütün ölkə əhalisinin rifahına xidmət edir. Buna görə də həvari Bulus məsihilərə məsləhət görürdü ki, hökumətə tabe olduqları kimi, hökumət nümayəndələrinə də tabe olsunlar. O demişdi: «Beləcə, hər kəsə haqqını verin: vergidirsə — vergini,.. hörmətdirsə — hörməti» (Rom. 13:1, 7).

9 Bu səbəbdən biz hökumət nümayəndələrinə hörmət göstərməliyik. Təbii ki, hörmət məsələsində hər ölkənin özünəməxsus adət-ənənəsi var, bir ölkədə məqbul sayılan şey, digəri üçün məqbul olmaya bilər. Hökumət nümayəndələri vəzifə başında olanda biz onlara tabe olmalıyıq. Amma onlara hörmətimiz və tabeçiliyimiz Müqəddəs Kitab çərçivəsindən kənara çıxmamalıdır. Allahın qanununu və məsihi bitərəfliyini pozan məsələlərdə güzəştə getməməliyik. (1 Butrus 2:13—17 ayələrini oxuyun.)

10. Yehovanın keçmişdə yaşamış xidmətçiləri hökumətə və dövlət nümayəndələrinə hörmət etdiklərini necə göstərirdilər?

10 Yehovanın keçmişdə yaşamış xidmətçiləri hökumətə və dövlət nümayəndələrinə hörmət göstərməkdə bizə nümunə qoyublar. Məsələn, Roma imperiyasında əhalinin siyahıyaalınması ilə bağlı fərman veriləndə Yusiflə Məryəm qeydiyyatdan keçmək üçün Beytləhmə getmişdilər, baxmayaraq ki, həmin vaxt Məryəm birinci uşağını doğmaq üzrə idi (Luka 2:1—5). Bulus da bu sahədə gözəl nümunədir. Ona qarşı ciddi ittihamlar irəli sürüləndə o, padşah Hirod Aqrippa və Romanın Yəhudiyyə əyalətinin valisi Festin hüzurunda özünü hörmətcil şəkildə müdafiə etmişdi (Həv. 25:1—12; 26:1—3).

11, 12. a) Nəyə görə biz din xadimlərinə xüsusi münasibət bəsləmirik? b) Avstriyalı qardaşın bir siyasətçiyə hörmətlə yanaşması nə ilə nəticələnmişdi?

11 Əsl məsihilər hamıya olduğu kimi, din xadimlərinə də hörmət göstərirlər, amma onlara xüsusi münasibət bəsləmirlər, baxmayaraq ki, din xadimləri bunu tələb edə bilərlər. Saxta din Allah haqqında yalanlar öyrədir və Onun Kəlamını təhrif edir. Buna görə də biz din xadimlərinə bir insan kimi hörmət edirik, amma onları ucaltmırıq. Yadınızdadırsa, İsa bu cür din xadimlərini ikiüzlülər və kor bələdçilər adlandırmışdı (Mət. 23:23, 24). Dövlət nümayəndələrinə hörmət göstərmək isə hərdən gözləmədiyimiz gözəl nəticələr gətirir.

12 İkinci Dünya müharibəsi zamanı Leopold Enqlaytner adlı avstriyalı bir qardaş nasistlər tərəfindən həbs olunub Buxenvald həbs düşərgəsinə göndərilir. Nasist hökumətinin qəzəbinə tuş gəlmiş Haynrik Qlaysner adlı bir siyasətçi də onunla bir qatarda gedirdi. Leopold qardaş ona hörmətcil şəkildə öz etiqadı barədə danışdı, cənab Qlaysner onu diqqətlə dinlədi. Müharibədən sonra Haynrik Qlaysner səlahiyyətli şəxs kimi Avstriyadakı Yehovanın Şahidlərinə dəfələrlə kömək etmişdi. Yəqin siz bacı-qardaşların dövlət nümayəndələrinə hörmətlə yanaşmasının yaxşı nəticələr gətirdiyini təsvir edən başqa hadisələr də eşitmisiniz.

DAHA KİMLƏR HÖRMƏTƏ LAYİQDİR?

13. Xüsusilə kimlər hörmətə layiqdir və nəyə görə?

13 İman bacı-qardaşlarımız, xüsusən də, ağsaqqallar hörmətə layiqdirlər. (1 Timutiyə 5:17 ayəsini oxuyun.) Bu qardaşlara hörmətimiz onların milliyətindən, təhsilindən, cəmiyyətdə tutduğu mövqedən və maddi vəziyyətindən asılı deyil. Allahın Kəlamında ağsaqqallar «insan timsalında hədiyyələr» adlanır. Yehova onların vasitəsilə xalqının qeydinə qalır (Efes. 4:8). Birinci əsrdəki məsihilər kimi, biz də bu gün bizə rəhbərlik edən qardaşlara dərin hörmət bəsləyirik. Bizə rəhbərlik edənlərin sırasına yığıncaq ağsaqqalları, rayon nəzarətçiləri, filial komitəsinin və Rəhbərlik Şurasının üzvləri daxildir. Ancaq biz aramızda yaxşı tanınan qardaşları ilahiləşdirmir, onlara bir mələk kimi yanaşmırıq. Amma çəkdikləri ağır zəhmətə və təvazökarlıqlarına görə bu qardaşlara böyük hörmətimiz var. (2 Korinflilərə 1:24; Vəhy 19:10 ayələrini oxuyun.)

14, 15. Yehovanın Şahidlərinin ağsaqqalları dünyadakı din rəhbərlərindən nədə fərqlənir?

14 Bu ağsaqqallar çox təvazökardırlar, onlar özlərinə qarşı xüsusi münasibət gözləmirlər. Bununla onlar bugünkü və İsa Məsihin dövründəki din xadimlərindən yerlə-göy qədər fərqlənirlər. İsa o din xadimləri barədə demişdi: «Onlar məclislərdə yuxarı başda, sinaqoqlarda qabaq cərgələrdə oturmağı sevirlər, bazar meydanlarında camaatdan salam almağı... xoşlayırlar» (Mət. 23:6, 7).

15 Məsihi yığıncağındakı ağsaqqallar İsanın növbəti sözlərinə təvazökarcasına tabe olurlar: «Qoymayın sizi “Rabbi” çağırsınlar, çünki sizin bir Ustadınız var, siz isə bir-birinizə qardaşsınız. Həmçinin yer üzündə heç kəsi “Ata” çağırmayın, çünki bir Atanız var, O da göydədir. Qoymayın sizi rəhbər adlandırsınlar, çünki bir Rəhbəriniz var, o da Məsihdir. Ancaq aranızda ən böyük kimdirsə, qoy sizə nökər olsun. Özünü yüksəldən alçaldılacaq, özünü alçaldan yüksəldiləcək» (Mət. 23:8—12). Məhz buna görə Yehovanın Şahidlərinin yığıncaqlarında xidmət edən ağsaqqallar bacı-qardaşların məhəbbətini və hörmətini qazanıblar.

Təvazökar ağsaqqallar bizim məhəbbətimizə və hörmətimizə layiqdirlər (13—15 abzaslara baxın)

16. Nəyə görə Müqəddəs Kitabda hörmətlə bağlı verilən məsləhətləri qavramaq və onlara əməl etmək üçün güc sərf etməliyik?

16 Təbii ki, hörmət məsələsində tarazlı olmaq birdən-birə alınmayacaq, bunun üçün vaxt lazımdır. Birinci əsrdə yaşayan məsihilər də bunu zamanla öyrənmişdilər (Həv. 10:22—26; 3 Yəh. 9, 10). Amma çətin də olsa, Müqəddəs Kitabda hörmətlə bağlı verilən məsləhətlərə əməl etməyə dəyər, çünki bu, gözəl nəticələr gətirir.

İNSANLARA HÖRMƏT GÖSTƏRMƏYİN FAYDASI

17. Dövlət qulluqçularına hörmətlə yanaşmaq hansı faydanı gətirir?

17 Dövlət qulluqçularına hörmətlə yanaşsaq, çox ehtimal ki, onlar maneəsiz təbliğ etməyimiz üçün hüquqlarımızı müdafiə edərlər. Çox vaxt elə olub ki, bu insanlara hörmətlə yanaşdığımız üçün onlar bizim etiqadımıza müsbət yanaşıblar. Məsələn, Almaniyadan olan Bircit adlı öncül bacı bir neçə il əvvəl qızının məktəbi bitirməsi münasibəti ilə keçirilən tədbirə gedir. Müəllimlər bacıya deyir ki, Yehovanın Şahidlərinin uşaqlarına dərs demək bizə zövq verir, əgər bu uşaqlar bizim məktəbdə oxumasaydı, biz çox şey itirərdik. Bircit onlara deyir: «Biz uşaqlarımıza Allahın qayda-qanunlarına əməl etməyi, eləcə də müəllimlərə hörmətlə yanaşmağı öyrədirik». Müəllimlərdən biri bacıya deyir: «Məktəbdəki bütün şagirdlər sizin uşaqlar kimi olsaydı, məktəb cənnət olardı». Bu söhbətdən bir neçə həftə sonra müəllimlərdən biri Leypsiqdə keçirilən toplantıya gedir.

18, 19. Nəyə görə ağsaqqallara hörmət məsələsində həddi aşmamalıyıq?

18 Allahın Kəlamında yazılan mükəmməl prinsiplər bizə yığıncaq ağsaqqallarına hörmət məsələsində tarazlı olmağa kömək edir. (İbranilərə 13:7, 17 ayələrini oxuyun.) Biz onları çəkdikləri ağır zəhmətə görə tərifləməli, verdikləri göstərişlərə itaət etməliyik. Bununla onlara öhdələrinə düşən işi sevinclə görməyə kömək edərik. Amma ehtiyatlı olmalıyıq ki, «sevimli» ağsaqqalımızın geyim tərzini, məruzə söyləmək və danışıq üslubunu yamsılamayaq. Çünki kənardan yanlış təəssürat yarana bilər, sanki, biz İsanın yox, həmin ağsaqqalın ardınca gedirik. Yaddan çıxarmayaq ki, ağsaqqal da bizim kimi qeyri-kamil insandır. Mükəmməl nümunə yalnız İsa Məsihdir.

19 Ağsaqqallara hörmət məsələsində həddi aşmamaqla, xüsusi münasibət göstərməməklə, əslində, onlara kömək etmiş oluruq. Onda onlara qürurlanmamaq, özləri haqqında yüksək fikirdə olmamaq və özlərini hamıdan saleh saymamaq daha asan olacaq.

20. İnsanlara tarazlı şəkildə hörmət etməyin şəxsən bizə hansı faydası var?

20 Hörmətə layiq insanlara tarazlı şəkildə hörmət etməklə biz həmçinin özümüzə kömək etmiş oluruq, özümüzü xudbinlikdən qoruyuruq. Bunun sayəsində sabah kimsə bizə xüsusi münasibət göstərəndə bizdə qürur yaranmayacaq. Bu, bizə həmçinin dindaşlarımıza və kənar insanlara hörmət məsələsində təşkilatın nöqteyi-nəzəri ilə yanaşmağa, bu məsələdə həddi aşmamağa kömək edəcək. Bunun bir faydası da odur ki, hörmət etdiyimiz insan hansısa səhvə yol verəndə imanda büdrəməyəcəyik.

21. İnsanlara tarazlı şəkildə hörmət etməyin ən böyük faydası hansıdır?

21 İnsanlara tarazlı şəkildə hörmət etməklə biz, ən əsası, Allahımızı razı salır, Onun iradəsini yerinə yetirir, bununla da Ona vəfalı qalırıq. Bunun sayəsində Yehova Ona meydan oxuyan hər kəsin layiqli cavabını verəcək (Məs. 27:11). Dünyadakı insanların çoxunda hörmət hissi ifrat dərəcəyə çatıb. Yehovaya şükr olsun ki, bizə bu məsələyə Onun kimi yanaşmağa kömək edir!